Fakültəyə təhkim edilən kafedra:
Dizayn
“Dizayn” kafedrası 1999-cu ilin yanvarından fəaliyyətə başlamışdır.
Kafedrada Toxuculuq və yüngül sənaye mallarının bədii layihələndirilməsi (dizayn), habelə Tikiş məmulatlarının konstruksiya edilməsi ixtisasları üzrə bakalavr və magistr pillələrində kadr hazırlığı aparılır.
Kafedra üzrə bakalavr pilləsində 15 fənn, magistr pilləsində isə 9 fənn tədris olunur. Bütün fənlər proqram və tədris vasitələrilə təmin olunmuşdur.
Kafedra əməkdaşları tərəfindən 2001-2010-cu illərdə 2 monoqrafiya, 17 dərslik, 3 dərs vəsaiti, 28 tədris proqramı, 4 metodik göstəriş, 65 məqalə, 33 tezis nəşr etdirilmişdir.
“Toxuculuq və yüngül sənaye sahələrində tətbiq olunan dizayn elementlərinin analizi” adlı problemə uyğun olaraq “Toxuculuq və yüngül sənaye sahələrində istehsal olunan məhsulun xarici görünüşündəki dizayn elementlərinin tətbiqinin analizi” adlı ümumi mövzu üzərində tədqiqat işi aparılır.
Kafedra əməkdaşları respublikamızda hal-hazırda fəaliyyət göstərən müəssisə, təşkilatlar, firmalar və s. ilə sıx əlaqə saxlamaqla, zamanın tələblərinə cavab verən malların yaraşıqlı, zövqə uyğun istehsalı üçün elmi axtarışlarını davam etdirməkdədirlər:
- Müasir modanın istiqamətindən asılı olaraq cəmiyyətin zövqünə müvafiq məmulat istehsalında dizayn elementlərinin səmərəli tətbiqi üçün tövsiyələr irəli sürülmüşdür;
- Hal-hazırda respublikada fəaliyyət göstərən toxuculuq və yüngül sənaye müəssisələrinin rəhbərliyi ilə sıx əlaqə saxlanılmaqdadır;
- Magistraturada təhsillərini davam etdirən mütəxəssislərin dissertasiya işi mövzuları kafedrada aparılan elmi-tədqiqat işi mövzuları ilə əlaqəlidir;
- Elmi axtarışların nəticələri əsasında istehsal olunan məhsulların texnoloji hazırlanma şəraitinin təhlilinə istinadla çatışmazlıqların aradan qaldırılması ilə əlaqədar tövsiyələr verilmişdir;
- Respublikanın aparıcı müəssisələri, firmalar, atelyeler və digər istehsal sahələrinin mütəxəssisləri ilə ilboyu əlaqə saxlanılır, texniki heyətlə görüşlər keçirilir, irad və təkliflər müzakirə olunur.
Kafedra əməkdaşlarının respublikada istehsal olunan geyim çeşidlərinin dizayn elementləri ilə bəzədilməsi, məhsulun keyfiyyətinin yüksəldilməsi sahəsində apardıqları elmi axtarışlar həm nəzəri, həm də praktiki cəhətdən böyük əhəmiyyət kəsb edir. Dövlət büdcəli elmi-tədqiqat işləri çərçivəsində əldə olunmuş nəticələr tətbiq üçün kafedranın əsas bazası olan “Bakı Tikiş Evi” ASC-yə təqdim edilmişdir.
Kafedranın beynəlxalq əlaqələri genişdir. Türkiyənin Qazi Universiteti (Ankara), İzmirdəki Ege Universiteti, Dənizli şəhərindəki Pamukkale Universiteti, habelə Moskva Dövlət Dizayn və Texnologiya Akademiyası, Kiyev Dövlət Yüngül Sənayenin Texnologiyası Universiteti ilə sıx əlaqə saxlayır. Azərbaycan Moda Assosiasiyası ilə fəal əməkdaşlıq münasibətləri formalaşmışdır.